AZƏRBAYCAN KONSALTİNQLƏR ASSOSİASİYASI: XİDMƏT SEKTORUNUN YENİ NƏFƏSİ

2023-cü il 1 oktyabr tarixində təsis edilmiş Azərbaycan Konsaltinqlər Assosiasiyası (AKA) ölkədə biznes mühitinin davamlı inkişafına dəstək göstərmək və xidmət sektorunda keyfiyyət əsaslı transformasiyanı təşviq etmək məqsədilə fəaliyyət göstərir.

Assosiasiyanın əsas missiyası konsaltinq və təlim xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərin institusional potensialının gücləndirilməsi, peşəkar insan kapitalının inkişafı və sektor daxilində dayanıqlı əməkdaşlıq platformasının formalaşdırılmasıdır.

AKA üzvləri üçün yalnız bir birlik platforması deyil, eyni zamanda:

  • bilik və təcrübənin sistemli şəkildə paylaşılmasını təmin edən peşəkar şəbəkə,
  • xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasını təşviq edən inkişaf mexanizmi,
  • dövlət və özəl sektor arasında institusional dialoqu gücləndirən strateji körpü rolunu oynayır.

Assosiasiya çərçivəsində həyata keçirilən layihələr və təşəbbüslər üzv təşkilatların rəqabət qabiliyyətinin artırılmasına, onların xidmət portfelinin təkmilləşdirilməsinə və qlobal bazar standartlarına inteqrasiyasına xidmət edir.

Strateji hədəf
Konsaltinq və təlim sektorunda fəaliyyət göstərən təşkilatların institusional dayanıqlılığını və funksional effektivliyini artırmaq, ixtisaslı kadr potensialını inkişaf etdirmək və rəqabətədavamlı, beynəlxalq standartlara uyğun konsaltinq ekosistemi formalaşdırmaqdır.

Müasir iqtisadi çağırışlar fonunda AKA-nın yaradılması, Azərbaycanda konsaltinq sektorunun institusional inkişafı, şəbəkələşmə imkanlarının genişləndirilməsi və peşəkar əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.