Azərbaycan Konsaltinqlər Assosiasiyası · 2023-cü ildən

Nizamnamə

Assosiasiyanın fəaliyyətini tənzimləyən əsas sənəd — məqsəd və vəzifələr, üzvlük, idarəetmə orqanları, maliyyə və ləğv qaydaları.

«Azərbaycan Konsaltinqlər Assosiasiyası» ictimai birliyinin Nizamnaməsi. Bakı, 2023. Təsis yığıncağının 01.10.2023-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.

I. Ümumi müddəalar

1.1. “Azərbaycan Konsaltinqlər Assosiasiyası” ictimai birliyi (bundan sonra — Birlik) ümumi maraqlar əsasında birləşmiş, könüllülük və üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, əsas məqsədi gəlir əldə etmək olmayan və əldə edilən gəliri üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır; fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır; müstəqil balansı, möhürü, ştampı, bank hesabı və digər rekvizitləri vardır.

II. Birliyin məqsəd və vəzifələri

2.1. Birliyin əsas məqsədi ölkə ərazisində fəaliyyət göstərən konsaltinq xidmətləri təklif edən şirkətlərin ortaq maraqlarını dövlət və qeyri-dövlət qurumlarında təmsil və müdafiə etmək, üzv-təşkilatların sosial, iqtisadi və mədəni inkişafına effektiv yardım göstərməkdir.

2.2. Birlik məqsədlərinə çatmaq üçün dövlət siyasətinə ictimai dəstək verir; yerli və beynəlxalq layihələr icra edir; dövlət qurumları ilə şirkətlər arasında görüşlər, tədbirlər, forumlar və sərgilər təşkil edir; beynəlxalq konfranslar keçirir; elmi kitab və dərs vəsaitlərinin nəşrini dəstəkləyir.

2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.

III. Birliyin hüquqları

Birlik öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış etmək, fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, ölkə daxilində və xaricdə filial və nümayəndəliklər təsis etmək, banklarda hesablar açmaq və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək hüququna malikdir.

IV. Birliyin əmlakı və maliyyə fəaliyyəti

Birliyin əmlakı üzvlük haqları, könüllü ianələr, qiymətli kağızlardan gəlirlər, qrantlar, tədbirlərdən əldə olunan gəlirlər və qanunvericiliklə qadağan olunmamış digər mənbələr hesabına formalaşır. Birlik siyasi partiyalara maddi yardım göstərə bilməz; məqsədli vəsait başqa istiqamətlərə xərclənə bilməz.

V. Təsisçilər və üzvlər, onların hüquq və vəzifələri

Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilər. Üzvlüyə qəbul İdarə Heyəti tərəfindən aparılır: yazılı müraciətə bir ay ərzində baxılır və İdarə Heyəti üzvlərinin yarıdan çoxu razılıq verdikdə ərizəçi üzv seçilmiş hesab edilir. Üzvlük haqqının məbləği İdarə Heyəti tərəfindən müəyyən edilir. Üzvlər Nizamnaməyə əməl etmək, seçkili orqanların qərarlarını yerinə yetirmək və tədbirlərdə iştirak etmək öhdəliyi daşıyır.

VI. Təşkilati struktur və idarəetmə orqanları

6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Onun səlahiyyətinə Nizamnamənin qəbulu və dəyişdirilməsi, əmlakın formalaşma prinsiplərinin müəyyən edilməsi, icra orqanlarının yaradılması, illik hesabatın təsdiqi və Birliyin yenidən təşkili və ləğvi aiddir.

6.7. Cari rəhbərliyi kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir; o, üzvlüyə qəbul edir, təkliflər və layihələr irəli sürür, filial və nümayəndəliklər yaradır. İdarə Heyətinin sədri, müavinləri və üzvləri Ümumi Yığıncaq tərəfindən 2 il müddətinə seçilir.

6.13. Nəzarət-Təftiş Komissiyası vəzifəli şəxslərin fəaliyyətinin Nizamnaməyə uyğunluğuna və maliyyə fəaliyyətinə nəzarəti həyata keçirir; səlahiyyət müddəti 2 ildir.

VII. Fəaliyyətə xitam verilməsi

Birliyin fəaliyyətinə yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya ləğv yolu ilə xitam verilir. Ləğv zamanı büdcə ilə hesablaşmalar və kreditor tələbləri ödənildikdən sonra qalan əmlak Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda dövlət büdcəsinə yönəldilir.

VIII. Digər şərtlər

Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir. Birliyin maliyyə ili qeydiyyat tarixindən başlayır və həmin ilin 31 dekabrında başa çatır; sonrakı illər 1 yanvar – 31 dekabr dövrünü əhatə edir.

Sənədin tam mətni PDF sənəd kimi əlavə oluna bilər.

Assosiasiyaya üzv olun

Üzvlük şərtləri və müraciət qaydası barədə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Müraciət et